Zəfər Yollarında Müstəqillik Qüruru: Turizm Klubunun Qarabağ Səfəri

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Turizm Klubu tərəfindən Azərbaycanın qədim və füsunkar güşəsi olan Qarabağa möhtəşəm idrak və qürur turu təşkil olunub.

Tələbələrin və müəllim heyətinin iştirak etdiyi bu səfərin əsas məqsədi gənclərə dövlət müstəqilliyimizin bərpasının tarixi əhəmiyyətini aşılamaq, işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yaxından tanış etmək, həmçinin bölgənin zəngin turizm potensialını yerindəcə qiymətləndirmək olub.

Səfər çərçivəsində iştirakçılar Azərbaycanın müstəqillik tarixinin şanlı səhifələrinə nəzər salıb, Vətən müharibəsində qazanılan böyük Zəfərin məhz müstəqilliyimizin məntiqi davamı və zirvəsi olduğunu bir daha qeyd ediblər. Tələbələr regionun tarixi-mədəni abidələrini, əsrarəngiz təbiətini və yenidən quran müasir infrastruktur layihələrini ziyarət ediblər. Gələcəyin turizm mütəxəssisləri kimi iştirakçılar bölgənin daxili və beynəlxalq turizm baxımından malik olduğu böyük perspektivləri təhlil ediblər. Vətən torpaqlarında addımlamağın verdiyi qürur hissi, çəkilən xatirə fotoları və birgə müzakirələr səfəri hər bir iştirakçı üçün dərin və unudulmaz təəssüratlarla zənginləşdirib.

Müstəqilliyimizin bərpası gününü məhz azad olunmuş Qarabağ torpaqlarında qarşılamaq hər birimiz üçün böyük fəxr və qürur mənbəyidir. Bu səfər gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsi və ölkəmizin turizm potensialının öyrənilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.