“Statistika” fənnindən Elşad Fərzalıyevin açıq dərsi uğurla keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tədris prosesində təhsilin keyfiyyətinin artırılması və qabaqcıl pedaqoji təcrübələrin tətbiqi istiqamətində tədbirlər uğurla davam etdirilir. Növbəti belə tədbirlərdən biri İdarəetmə kafedrasının müəllimi Elşad Fərzalıyev tərəfindən keçirilən açıq dərs olmuşdur. Açıq dərs Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarının II kurs tələbələrinə Statistika fənninin “Dinamika sıraları, onların növləri və qurulması prinsipi” mövzusunda keçirilmişdir. Mühazirədə fakültə dekanı dosent Məsim Abadov, İdarəetmə kafedrasının müdiri dosent Afəddin Həmidov, kafedranın baş müəllimləri Rəhmiyyə İbrahimova, Tural Əliyev iştirak etmişlər.

Açıq dərs zamanı Elşad Fərzalıyev iqtisadi və sosial hadisələrin zaman üzrə dəyişmə dinamikasının öyrənilməsinin vacibliyini vurğulamış, tələbələrə dinamika sıralarının təsnifatı, tərtib olunması qaydaları və statistik təhlil prinsipləri haqqında ətraflı məlumat vermişdir. Mühazirə zamanı biznes proseslərinin idarə edilməsində və dövlət sektorunda qərarların qəbul edilməsində statistik məlumatların və zaman sıralarının rolu konkret misallarla izah edilmişdir.

Dərs klassik mühazirə formatından fərqli olaraq interaktiv müzakirələr, sual-cavab sessiyaları və kiçik praktiki tapşırıqlarla zənginləşdirilmişdir. Tələbələr mövzuya böyük maraq göstərərək fəal iştirak etmişlər.

Sonda fakültənin professor-müəllim heyəti tərəfindən dərsin metodiki baxımdan yüksək səviyyədə qurulduğu, müasir tədris tələblərinə tam cavab verdiyi qeyd olunmuş və Elşad Fərzalıyevə uğurlar arzulanmışdır.

Elşad müəllimə pedqoji fəaliyyətində uğurlar arzu edirik!