Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) və Nizami Gəncəvi Muzeyinin birgə təşkilatçılığı ilə Şərq renesansının nəhəng siması, dahi şair Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş zəngin məzmunlu elmi-bədii tədbir keçirilib. Tədbirdə Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Xidmətin Gəncə Regional İdarəsinin rəisi Xəlil İbrahimov, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Vüsal Alıyev, Azərbaycanlı tarixçi alim, AMEA Gəncə Bölməsinin əməkdaşı, gənc tədqiqatçı, Elm üzrə Prezident mükafatçısı və Prezident təqaüdçüsü Elnur Həsənov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Məsim Abadov, İqtisadiyyat kafedrasının müdiri dosent Zakir Əhmədov, İdarəetmə kafedrasının müdiri Afəddin Həmidov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov və fakültənin müəllim-tələbə heyəti iştirak etmişlər.
Mərasim öncəsi tədbir iştirakçıları dahi şairin məqbərəsini ziyarət edərək, məzarı üzərinə təravətli qərənfillər düzüb, böyük mütəfəkkirin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. İştirakçılar Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş əziz şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin rəsmi hissəsində ilk söz Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyevə verilib. Daha sonra çıxış edən fəxri qonaqlar:
- Əlimuxtar Muxtarov – AMEA Gəncə Bölməsinin sədr müavini;
- Xəlil İbrahimov – Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Xidmətin Gəncə Regional İdarəsinin rəisi;
- Vüsal Alıyev – Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru;
- Elnur Həsənov – Azərbaycanlı tarixçi alim, AMEA Gəncə Bölməsinin əməkdaşı, gənc tədqiqatçı, Elm üzrə Prezident mükafatçısı və Prezident təqaüdçüsü;
- Məsim Abadov – İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent.
Çıxışçılar Nizami Gəncəvi irsinin bəşəri əhəmiyyətindən, şairin əsərlərindəki dərin fəlsəfi-əxlaqi ideyalardan və bu zəngin irsin qorunub gələcək nəsillərə çatdırılmasının vacibliyindən bəhs ediblər.
Tədbirin elmi hissəsində tələbələr dahi şairin yaradıcılığını iqtisadi və sosial müstəvidə təhlil edən maraqlı məruzələrlə çıxış ediblər:
- Aysun Abdullayeva (Biznesin idarə edilməsi, II kurs): “Nizami Gəncəvinin “Xəmsə”sində sosial-iqtisadi baxışlar və ideal dövlət modeli”;
- İskəndər İskəndərov (Menecment, I kurs): “Nizami irsində əmək, mülkiyyət və sosial ədalət problemlərinin müasir iqtisadi təhlili”;
- Nigar Salahova (Biznesin idarə edilməsi, II kurs): “XII əsr Yaxın Şərqin iqtisadi mənzərəsi Nizami Gəncəvi yaradıcılığında”.
Elmi məruzələrdən sonra tədbir bədii hissə ilə dəvam edib. Tələbələr Güləsər Musayeva və Sübhan Həsənzadənin ifasında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş unudulmaz “Sənsiz” təsnifi/romansı böyük coşğu ilə qarşılanıb.
Daha sonra fakültədə keçirilən debat turnirinin qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Nizami Gəncəvi Muzeyinin rəhbərliyi tərəfindən tədbirin təşkilindəki dəstəyinə görə:
- Fakültə dekanı, dosent Məsim Abadov,
- Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov,
- Fakültə TEC rəhbəri Könül Quliyeva,
- Fakültə TEC sədri Güləsər Musayeva fəxri fərmanla təltif ediliblər.
Fakültə rəhbərliyi adından isə səmərəli əməkdaşlığa görə Muzeyin direktoru Teymur Əliyevə təşəkkürnamə təqdim olunub. Həmçinin tanınmış alim Elnur Həsənov dekan Məsim Abadova dəyərli nəşr olan “Nizami Gəncəvinin səcərəsi” kitabını hədiyyə edib.
Elmi-bədii tədbiri unudulmaz və poetik notlarla yekunlaşdırmaq üçün səhnəyə İqtisadiyyat kafedrasının müəllimi Emiliya Əsgərova dəvət olunub. Emiliya müəllimənin yüksək məharətlə qiraət etdiyi Nizami qəzəli tədbir iştirakçılarına mənəvi zövq bəxş edərək salonda əsl heyranlıq hissi oyadıb.
Yüksək təşkilatçılıq və təntənə ilə keçən elmi-bədii gecə Nizami irsinə olan dərin ehtiramın parlaq təzahürünə çevrilib.






