Fakültəmizdə tədrisin keyfiyyətinin artırılması, müasir trendlərin tələbələrə çatdırılması və təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə növbəti açıq dərs təşkil olunub.
Açıq dərs “Marketinq” ixtisasının IV kurs tələbələri üçün “Rəqəmsal marketinq” fənni çərçivəsində baş tutub. Dərsi Menecment və turizm işi kafedrasının müəllimi İqtisad elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Babayev tədris edib. Dərsdə Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev, Texnika elmləri namizədi, dosent Nazilə İsgəndərova, İqtisad elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Əlizamin Əmirov, Baş müəllim Nəcəf Qurbanov iştirak etmişlər.
Müasir biznes mühitində sosial medianın rolu və effektivliyinə həsr olunmuş dərsdə Məhərrəm Babayev tələbələrə sosial media platformalarında (SMM) reklam kampaniyalarının planlaşdırılması, hədəf auditoriyasının (Targeting) düzgün seçilməsi, büdcənin idarə olunması və nəticələrin analitikası mövzularında ətraflı məlumat verib.
Dərs prosesində nəzəri biliklərlə yanaşı, real layihələr və keyslər üzərindən praktiki nümunələr nümayiş olunub. Tələbələr interaktiv şəkildə diskussiyaya qoşularaq sosial media reklamlarının hazırlanması və optimallaşdırılması ilə bağlı suallarını ünvanlayıb, öz fikir və təkliflərini bölüşüblər.
Yüksək fəallıq və maraqla keçən açıq dərs tələbələrin rəqəmsal marketinq sahəsindəki praktiki görüşlərini və biliklərini daha da zənginləşdirib.
Sonda fakültənin professor-müəllim heyəti tərəfindən dərsin metodiki baxımdan yüksək səviyyədə qurulduğu, müasir tədris tələblərinə tam cavab verdiyi qeyd olunmuşdur.
Məhərrəm müəllimə pedaqoji fəaliyyətində uğurlar arzu edirik!



