29 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin İdarəetmə kafedrasının növbəti iclası keçirilib.
Kafedra müdirinin sədrliyi ilə baş tutan iclasda fəaliyyət planına uyğun olaraq tədris, kadr və elmi-tədqiqat məsələlərini əhatə edən vacib mövzular müzakirə olunub.
İclasın gündəliyinə uyğun olaraq, ilk öncə kafedranın müəllimi Lamiə Babayevanın “Biznesin idarə edilməsi” ixtisasının II kursunda “Firmanın idarə edilməsi” fənni üzrə keçirdiyi “İstehsalın təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü” mövzusunda açıq dərsi müzakirə edilib. Daha sonra kafedranın müəllimi Elşad Fərzalıyevin “Dövlət və bələdiyyə idarəetməsi” və “Biznesin idarə edilməsi” ixtisaslarının II kursunda “Statistika” fənni üzrə keçirdiyi “Dinamika sıraları, onların növləri və qurulması prinsipi” mövzusunda açıq dərsinin nəticələri təhlil olunub. Müzakirələr zamanı hər iki açıq dərsin tədris standartlarına cavab verdiyi qeyd olunub.
Gündəlikdə duran növbəti məsələlər çərçivəsində “Azərbaycan müəllimi” qəzetinin 26 sentyabr 2026-cı il tarixli № 36 (9189) sayında dərc olunmuş elana əsasən, İdarəetmə kafedrasında boş olan 1 ştat müəllim yerini tutmaq üçün Könül Quliyeva və Kubra Cəfərovanın təqdim etdikləri ərizələrə baxılıb və müvafiq qaydada müzakirələr aparılıb.
Bundan əlavə, iclasda 2026-cı il ərzində kafedra müəllimləri tərəfindən aparılan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti geniş təhlil olunub, qarşıda duran elmi hədəflər nəzərdən keçirilib.
İclas cari məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi ilə yekunlaşıb.






