17 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Menecment və turizm işi kafedrasının müəllimi Səfurə Hüseynovanın təqdimatında növbəti açıq dərs baş tutub. “Turizm işinin təşkili” və “Turizm bələdçiliyi” ixtisasları üzrə təhsil alan II kurs tələbələri üçün “Turizm məhsulunun hazırlanması” fənnindən təşkil olunan dərs “Turizm məhsulunun satışı və paylanma kanalları” mövzusuna həsr edilib. Dərsdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Məsim Abadov, Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev, Texnika elmləri namizədi, dosent Nazilə İsgəndərova və fakültənin tələbə heyəti iştirak etmişlər.
Dərs zamanı müasir turizm bazarında rəqabətqabiliyyətli turpaketlərin formalaşdırılması, birbaşa və dolayı satış strategiyaları, turoperatorlar və turagentlər vasitəsilə paylanma şəbəkələrinin qurulması, eləcə də rəqəmsal rezervasiya platformalarının rolu geniş şəkildə təhlil olunub. Müəllim Səfurə Hüseynova mövzunu yerli və beynəlxalq turizm təcrübəsindən nümunələrlə izah edərək tələbələrin bazar mexanizmlərini daha dərindən mənimsəməsinə şərait yaradıb.
Fəal diskussiya və sual-cavab formatında keçən açıq dərsdə tələbələrin mövzuya dair təklifləri dinlənilib, praktiki tapşırıqlar üzərində müzakirələr aparılıb. Sonda fakültənin professor-müəllim heyəti tərəfindən dərsin metodiki baxımdan yüksək səviyyədə qurulduğu, müasir tədris tələblərinə tam cavab verdiyi qeyd olunmuşdur.
Səfurə müəlliməyə pedaqoji fəaliyyətində uğurlar arzu edirik!



