Azərbaycan xalqının azadlıq, istiqlaliyyət və milli özünüdərk mübarizəsinin ən parlaq səhifələrindən biri olan 17 Noyabr – Milli Dirçəliş Günü tariximizə qızıl hərflərlə yazılıb. 1988-ci ilin noyabrında Bakının Azadlıq meydanında başlayan xalq hərəkatı imperiya əsarətinə qarşı ucalan azadlıq səsi, milli ruhun oyanışı və müstəqillik yolunda atılan həlledici addım idi.
Həmin taleyüklü günlərdə meydanlara axışan milyonlarla insan sübut etdi ki, heç bir qüvvə azadlıq eşqi ilə yaşayan xalqın iradəsini sındıra bilməz. Bu oyanış təkcə siyasi proses deyil, həm də milli kimliyimizə, tarixi yaddaşımıza və dövlətçilik ənənələrimizə qayıdışın başlanğıcı oldu. Məhz bu milli dirçəliş ruhu 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasına zəmin yaratdı.
Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi ağır sınaqlar, xaos və parçalanma təhlükəsi Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aradan qaldırıldı. Ulu Öndərin müdrik siyasəti və sarsılmaz dövlətçilik məktəbi sayəsində milli dirçəliş ideyaları real dövlət quruculuğu strategiyasına çevrildi, Azərbaycanın müstəqilliyi əbədi və dönməz xarakter aldı.
Bu gün Ümummilli Liderin siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixinin ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və suverenliyimizin tam bərpa olunması 1988-ci ildə başlayan milli dirçəliş hərəkatının məntiqi yekunu və ən ali təntənəsidir. Bu gün üçrəngli Dövlət Bayrağımız azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır.
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti və tələbə kollektivi adından xalqımızı 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Qüdrətli, müstəqil və suveren Azərbaycanımıza daimi sülh, tərəqqi və yeni-yeni zəfərlər arzulayırıq!
Yaşasın müstəqil və bütöv Azərbaycan!
