Fəal tələbəmiz Rəhman Abdullayev respublika səviyyəli elmi konfransda iştirakına görə sertifikatla təltif olunub

Tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağının artırılması və gənc nəslin elmi mühitə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmaqda davam edir. Bu istiqamətdə fərqlənən fəal tələbələrdən biri də Rəhman Abdullayevdir.

Rəhman Abdullayev 30–31 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində keçirilmiş “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)”nda fəal iştirakına görə sertifikata layiq görülüb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə təşkil olunan bu nüfuzlu elmi platformada iştirak gənc tədqiqatçının elmi axtarışlara və akademik fəaliyyətə olan yüksək marağının göstəricisidir.

Konfrans çərçivəsində hazırlanmış elmi məqalə və təqdimat gənc tədqiqatçıların aktual mövzular üzrə fikir mübadiləsi aparmasına, elmi yanaşmalarını bölüşməsinə və təcrübə qazanmasına töhfə verib. Rəhman Abdullayevin bu nailiyyəti tələbələrin həm dərsdənkənar elmi fəaliyyətlərdə fəallığının, eləcə də gələcək tədqiqatlar üçün möhkəm zəmin yaratmaq əzminin bariz nümunəsidir.

Sertifikat 31 oktyabr 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tərəfindən təsdiqlənib.

Rəhman Abdullayevi qazandığı bu uğur münasibətilə təbrik edir, gələcək elmi və akademik fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!