Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tələbələrin müasir maliyyə alətləri barədə biliklərinin artırılması və praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə maarifləndirici təlim təşkil olunub.
“Bir ekosistemi”nə daxil olan Birbankın təşkilatçılığı ilə baş tutan tədbirdə spiker qismində Təşkilati inkişaf və işçi bağlılığı funksional sahəsinin meneceri Sabir Mustafayev və Birbank Kəpəz filialının müdiri Bəxtiyar Əliyev çıxış ediblər.
Təlim zamanı mütəxəssislər gənclərə şəxsi büdcənin düzgün planlaşdırılması, rəqəmsal bankçılıq həlləri, maliyyə təhlükəsizliyi və müasir ekosistemin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat veriblər. Tədbirdə fakültənin müxtəlif ixtisasları üzrə təhsil alan tələbələri fəal iştirak ediblər.
Səmimi və interaktiv mühitdə keçən görüş qarşılıqlı diskussiya formatında davam edib. Təlimçilər tələbələrin real iş mühiti, karyera planlaması və maliyyə qərarlarının qəbul edilməsi ilə bağlı çoxsaylı suallarını cavablandırıb, onlara öz peşəkar təcrübələrindən dəyərli tövsiyələr veriblər. Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb.



