Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment və turizm işi kafedrasının təşkilatçılığı ilə “2026–2030-cu illərdə Azərbaycan Respublikasında turizmin inkişafı: dövlət siyasəti və strateji prioritetlər” mövzusunda elmi seminar təşkil olunub. Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev, Texnika elmləri namizədi, dosent Nazilə İsgəndərova, İqtisad elmləri üzrə fəlsəfə doktoru baş müəllim Şahin Qasımov, Müəllim Şəbnəm Məmmədova və tələbələr iştirak ediblər.
Seminarı giriş sözü ilə açan kafedra əməkdaşları ölkəmizdə qeyri-neft sektorunun aparıcı sahələrindən biri kimi turizmin davamlı inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, 2026–2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsində müasir idarəetmə mexanizmlərinin tətbiqi və ixtisaslı kadr hazırlığı xüsusi aktuallıq kəsb edir.
Tədbirdə iki əsas məruzə dinlənilib:
- Texnika üzrə fəlsəfə doktoru, baş müəllim İlahə Şahverdiyeva “Azərbaycan turizminin inkişafında yeni texnologiyaların tətbiqi və beynəlxalq təcrübə mübadiləsinin rolu (2026–2030)” mövzusunda geniş təqdimatla çıxış edib. Məruzəçi rəqəmsal transformasiyanın turizm sənayesinə təsiri, süni intellekt və ağıllı turizm (smart tourism) həllərinin tətbiqi, eləcə də xarici ölkələrin qabaqcıl təcrübəsinin yerli turizm infrastrukturuna inteqrasiyası məsələlərini elmi-praktiki baxımdan təhlil edib. O, həmçinin qarşıdakı beşillik dövrdə rəqabətqabiliyyətli turizm məhsullarının yaradılmasında innovativ texnologiyaların həlledici rol oynayacağını diqqətə çatdırıb.
- Turizm bələdçiliyi ixtisası üzrə I kurs tələbəsi Aytən Tağıyeva mövzu ətrafında çıxış edərək gənc tədqiqatçı və gələcək mütəxəssis gözü ilə Azərbaycan turizminin perspektivlərindən bəhs edib. O, ölkəmizin zəngin mədəni-tarixi irsinin və regional turizm potensialının beynəlxalq arenada tanıdılmasında müasir bələdçilik xidmətlərinin, eləcə də dövlət dəstəyi mexanizmlərinin yaratdığı yeni imkanların əhəmiyyətini vurğulayıb.
Seminarın sonunda məruzələr ətrafında geniş müzakirələr aparılıb, müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb və 2026–2030-cu illər üzrə turizm sahəsində elmi-tədqiqat işlərinin daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunub.



