27 noyabr 2026-cı il tarixində Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı, Gəncə Regional Turizm İdarəsinin və “JOB İN GLOBAL” MMC-nin dəstəyi ilə “Təhsil və Turizm Tərəfdaşlığı Forumu” keçirilib. Regionda ali təhsil müəssisələri ilə turizm sənayesi subyektləri arasında əlaqələrin möhkəmləndirilməsi, əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının təkmilləşdirilməsi və innovativ əməkdaşlıq modellərinin müzakirəsi məqsədilə təşkil olunan tədbirdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, alimlər və biznes sektorunun təmsilçiləri iştirak ediblər.
Forumda Gəncə Dövlət Universitetini (GDU) İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Məsim Abadov təmsil edib. Tədbirin elmi-praktiki müzakirələrə həsr olunmuş “Panel-1” sessiyasının moderatoru kimi çıxış edən dosent Məsim Abadov sessiya iştirakçılarını salamlayaraq ali təhsil və turizm sektorunun inteqrasiyasının regional iqtisadi inkişafdakı mühüm rolundan bəhs edib, panel boyu aparılan müzakirələrə istiqamət verib.
Dosent Məsim Abadov eyni zamanda sessiyanın spikeri qismində “Dayanıqlı turizm ekosisteminin formalaşdırılmasında universitet–biznes əməkdaşlığı və strateji prioritetlər” mövzusunda geniş və məzmunlu məruzə təqdim edib. Məruzədə müasir dövrdə turizm sektorunun dayanıqlı inkişafı üçün elmi-tədqiqat potensialı ilə real biznes təcrübəsinin sinxronlaşdırılmasının vacibliyi xüsusi vurğulanıb. Dekan çıxışında tələbələrin praktiki bacarıqlarının artırılması, birgə təlim və təcrübə proqramlarının icrası, eləcə də Gəncə–Daşkəsən iqtisadi rayonunun turizm potensialının reallaşdırılmasında universitet–sənaye tərəfdaşlığının yaratdığı yeni imkanlar barədə ətraflı fikirlərini bölüşüb.
Sessiya çərçivəsində Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin və Mingəçevir Dövlət Universitetinin nümayəndələrinin də məruzələri dinlənilib. Çıxışlar ətrafında interaktiv sual-cavab və geniş fikir mübadiləsi aparılıb, gələcək birgə layihələr üzrə təkliflər səsləndirilib.
Forumun yekununda elmi-praktiki müzakirələrə verdiyi töhfəyə, sessiyaya yüksək səviyyədə moderatorluq etdiyinə və aktual məruzə ilə çıxış etdiyinə görə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Məsim Abadov Azərbaycan Texnologiya Universitetinin rektoru dosent Yaşar Ömərov tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.
Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilmiş “Təhsil və Turizm Tərəfdaşlığı Forumu”nda fakültəmizi və universitetimizi yüksək səviyyədə təmsil etdiyinizə, “Panel-1” sessiyasındakı peşəkar moderatorluğunuza və aktual məruzənizə görə “Təşəkkürnamə” ilə təltif olunmağınız münasibətilə Sizi İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti və tələbə kollektivi adından səmimi-qəlbdən təbrik edirik!
Elmi-pedaqoji fəaliyyətinizdə, universitet–biznes əməkdaşlığının inkişafı və fakültəmizin daha da yüksəlməsi yolundakı yorulmaz işlərinizdə Sizə yeni-yeni nailiyyətlər, möhkəm cansağlığı və tükənməz enerji arzulayırıq. Uğurlarınız daimi olsun!
Hörmətlə,GDU İqtisadiyyat və idarəetmə fakültəsinin kollektivi


