Dosent Şahin Xurşudovun məruzəsi ilə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəliş perspektivləri müzakirə olunub

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və aktual iqtisadi çağırışların akademik müstəvidə müzakirəsi məqsədilə növbəti elmi-nəzəri seminar keçirilib. Seminarda İqtisadiyyat kafedrasının dosenti Şahin Xurşudov “Qarabağ və Şərqi Zəngəzur rayonlarında iqtisadiyyatın müasir inkişaf potensialı. Strateji yanaşmalar və perspektivlər” mövzusunda geniş məruzə ilə çıxış edib. Seminarda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, İqtisadiyyat kafedrasının müdiri dosent Zakir Əhmədov, İdarəetmə kafedrasının müdiri dosent Afəddin Həmidov, İqtisad elmləri doktoru, professor əvəzi Mayıs Gülalıyev, İqtisad elmləri üzrə fəlsəfə doktoru baş müəllim Şahin Qasımov, Dosent Rəna Modinova, ­­­­­­­­­­İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim Həcər Orucova, Baş müəllim Aynur Kərimova, Müəllim Şəhla Abbasova, Müəllim Könül Əlizadə, Müəllim Məhluqə Əliyeva, Müəllim Yasəmən Quliyeva, Müəllim Emiliya Əsgərova, Müəllim Gülşən Tağıyeva, Müəllim Gülüstan Fərəcova, Müəllim Ülkər Nağıyeva,Müəllim Nərmin Həsənova və tələbə heyəti iştirak etmişlər.

Məruzəçi çıxışında işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, regionun zəngin təbii-iqtisadi resursları və dövlət səviyyəsində həyata keçirilən irimiqyaslı bərpa-quruculuq strategiyaları barədə ətraflı məlumat verib. Dosent Şahin Xurşudov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dayanıqlı inkişaf modelini 6 əsas strateji istiqamət üzrə sistemli şəkildə təhlil edib:

  • Aqrar sektor və ərzaq təhlükəsizliyi: Regionun münbit torpaq ehtiyatları, suvarma imkanları və müasir aqroparkların yaradılması hesabına kənd təsərrüfatı istehsalının bərpası və ixrac potensialının artırılması.
  • Sənaye və istehsal kompleksləri: Yerli xammal bazasına əsaslanan emal müəssisələrinin, sənaye parklarının qurulması və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin formalaşdırılması.
  • Turizm və rekreasiya potensialı: Qarabağ və Şərqi Zəngəzurun unikal təbiəti, tarixi-mədəni irsi və müalicəvi-sağlamlıq resursları əsasında beynəlxalq rəqabətqabiliyyətli turizm klasterlərinin inkişafı.
  • “Yaşıl enerji” və ekoloji dayanıqlılıq: Bərpa olunan enerji mənbələrindən (günəş, külək və hidroenerji) səmərəli istifadə etməklə regionun “yaşıl enerji” zonasına çevrilməsi.
  • Nəqliyyat-logistika və tranzit imkanları: Regional kommunikasiya xətlərinin bərpası, avtomobil və dəmir yolu şəbəkələrinin genişləndirilməsi ilə Zəngəzur dəhlizi başda olmaqla beynəlxalq nəqliyyat qovşağı rolunun gücləndirilməsi.
  • İnfrastruktur quruculuğu və insan kapitalının cəlbi: “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir yaşayış mühitinin yaradılması, məşğulluğun təmin edilməsi və innovativ sahibkarlığın təşviqi.

Seminar zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, fakültənin professor-müəllim heyətinin və tədqiqatçıların sualları cavablandırılıb. Çıxışlarda Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının elmi əsaslarla araşdırılmasının regional inkişaf proqramlarının səmərəli icrasına mühüm töhfə verdiyi xüsusi vurğulanıb.

Şahin müəllimə elmi pedaqoji fəaliyyətində uğurlar arzu edirik!