5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində 5 oktyabr tarixi “Müəllimlər günü” kimi ümumdünya səviyyəsində qeyd olunur. 1993-cü ildən başlayaraq “Müəllimlər günü” ölkəmizdə də qeyd olunur. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Fədakar əmək və peşə sahibi olan müəllim əməyindən, onların şərəfli və gərəkli işindən antik yunan filosoflarından tutmuş zəmanəmizə qədər görkəmli mütəfəkkirlər, ədiblər, elm və dövlət xadimləri qiymətli fikirlər söyləmiş, onların fəaliyyətindən bəhs edən əsərlər yaratmışlar.
Amma Azərbaycanda “Müəllim günü”nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. “Müəllim günü”nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.