Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri qoymuşlar. Sonra ali təhsil ocağının V tədris korpusuna gələrək universitetin son illər əldə etdiyi nailiyyətləri əks etdirən sərgiyə baxmışlar.
Elmi konfrans Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad olunmasında şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra elmi konfrans öz işinə başlamışdır. Konfransı giriş sözü ilə Universitetin rektoru, professor Yusif Yusibov açaraq qonaqları salamlamış və qeyd etmişdir ki, dahi şəxsiyyət, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum günləri hər il universitet tərəfindən böyük təntənə ilə qeyd edilir.
Rektor daha sonra çıxışında qeyd etmişdir ki, o xalq xoşbəxtdir ki, onun ümummilli lideri var. Bu baxımdan Azərbaycan xalqı da özünü xoşbəxt hesab edə bilər. Çünki, bu dahi şəxsiyyət bütün çətin anlarda öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək, xalqını bütün bəlalardan qorumuşdur. İndi onun başladığı isişləri siyasi varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Ata nəsihətini uğurla yerinə yetirən ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan Qarabağ torpaqlarını düşməndən azad etdi.
Qeyd edək ki, beynəlxalq konfransda 10 ölkədən gəlmiş 60-a yaxın alim iştirak edir. Müzakirə olunan mövzu ilə bağlı təqdim olunan 560 məruzə 5 cildlik jurnallarda çap edilmişdir. Konfrans 13 bölmədə öz işini davam etdirəcəkdir.
Plenar iclas keçirildikdən sonra İqtisadiyyat və idarəetmə fakültəsində iqtisadçıların bölmə üzrə konfransı keçirildi. İclasın sədri dosent Allahverdiyev Əli Aydın oğlu , katibi Əlizadə Könül Əsgər qızı. Sədr giriş sözü ilə çıxış etdi. İclasda fakültənin üç ixtisas kafedralarından , Azərbaycan Dövlət Aqrar Universitetindən və Azərbaycan Texnologiya Universitetindən nümayəndələr iştirak etdi.