Şəhidimizin şəhadətindən 2 il ötür

Cümşüdov Orxan Sabutay oğlu 1993-cü il sentyabrın 1-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. 2015-ci ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment ixtisası üzrə məzunu olub.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Cümşüdov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Cümşüdov noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhid olub. Goranboy rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cümşüdov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cümşüdov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.