Bu gün Qəhrəmanımızın ad gunudur.
1988-ci il, fevral ayının 7-də doğulan Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Qəhrəmanlıq ənənələri ruhunda böyüyən Mübariz orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində alıb. 2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağrılan gənc Mübariz Daxili Qoşunların “N” saylı hissəsinin xüsusi təyinatlı bölüyündə atıcı əsgər olub, həqiqi hərbi xidmətini çavuş rütbəsində başa vurub. 2009-cu ildə yenidən, bu dəfə gizir kimi orduda xidmətə başlayıb. Çox keçmədən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə xidmətə göndərilib.
“Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən…” – deyib.
Bu sətirlər isə Mübarizin evə yazdığı son məktubundandır: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim… Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Allah rəhmət eləsin.