20 sentyabr 2024-cü il tarixində fakültədə Narkomaniyaya yox deyək adlı tədbir keçirildi. Tədbirdə Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva, dekan, dekan müavinləri və kafedra müdirləri həmçinin tələbələr iştirak etdilər.
Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır.
Aydın məsələdir ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin vəziyyəti və narkotik vasitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən başqa, təqribi hesabalamalara da əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunur, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli öndə saxlanıldı. Bir Azərbaycan vətəndaşı olaraq müstəqilliyimizin ilk illərində, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükə altında, Azərbaycanın ağır durumla üz-üzə qaldığı illərdə üzləşdiyimiz çətinliyi qeyd etməmək mümkün deyil. Azərbaycan müstəqil bir dövlət kimi varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında böyük imkanların yaranmasına stimul oldu. Azərbaycanda ictimai-siyasi durumun sabitliyi, normal iqtisadi mühitin yaradılması ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Təbii ki, bu xatırlatmamız səbəbsiz deyil. Müstəqilliyimizin təhlükə altında qaldığı 1990-cı illərin axırlarında ölkəmizdəki özbaşınalıq, hakimiyyətsizlik, gənclərə diqqətin unudulması, narkomanlığa aludəçilik üçün münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyevin gənclərə diqqəti artırması bu bəlanın da qarşısını aldı. Qeyd etidyimiz kimi, narkotizmlə mübarizə böyük maliyyə vəsaiti tələb edən prosesdir. Ölkənin maliyyə imkanlarının artırılması üçün isə təbii ki, iqtisadi qüdrət artırılmalıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək üçün əsasını qoyduğu neft strategiyası bu gün də uğurlarımızın davamlılığına zəmin yaradır. Azərbaycan çox qısa zamanda iqtisadi qüdrətini artırdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı daha da artdı. Bir əsas məqam da hər zaman önə çəkilir ki, ölkənin hərtərəfli inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi mütləqdir. Bunun üçün ayrı-ayrı sahələr üzrə Dövlət Proqramları qəbul edilir və uğurlu icrası təmin olunur.
Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalamış və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur. Bu sənədlərin qəbulunda ümumi məqsəd Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyasını, narkotik vasitələrin və psixotrop maddələrin istehsalını, dərman preparatlarının və xammalın hazırlanmasını qanunla qadağan etməkdir. Dövlət orqanları ilə yanaşı ictimai təşkilatların da bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul verir.
İnsan amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapıb. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olar.