
Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan hərbi əməliyyatlardan biri də Tovuz döyüşləridir. Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərinin başlamasından beş il ötür. Ümumiyyətlə, Ordumuz Zəfərə gedən yolu 2016-cı il şanlı Aprel döyüşlərində, 2018-ci il uğurlu Günnüt əməliyyatında, 2020-ci il Tovuz döyüşlərində addım-addım qət edib. Tovuz döyüşləri ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti çirkin niyyətini öz başında çatladan uğurlu əməliyyatlardan biri kimi tarixə düşdü. Belə ki, Ermənistanın diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun mənfur niyyətinin qarşısını aldı.Döyüşlərin birinci günündə – 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itki verərək geri oturdulub. Beləliklə, Ermənistan silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Döyüşdə düşmənin hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin üç hərbi qulluqçusu şəhid olub, beş nəfər isə yaralanıb. Ermənistan ordusunun şəxsi heyəti isə həmin döyüşlərdə çoxsaylı itki verib.Tovuz döyüşlərinin əhəmiyyəti Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın düşmənə qarşı qəhrəmancasına döyüşən Ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. Belə ki, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edib. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alınıblar.
İyulun 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da, ümumilikdə gərginlik davam edib.
Beləliklə, Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir nümunəsi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikaları sıradan çıxarılıb. Xalq bu döyüşlər zamanı şəhid olan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola salıb.
2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra Ordumuz, xalqımız üçün həlledici olan haqq savaşı başladı. Sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatı keçirən rəşadətli Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi. Otuz illik əsarət dünyanın diqqətini cəlb edən möhtəşəm hərbi əməliyyatlarla sona yetdi. Sıravi əsgərdən yüksəkrütbəli zabitə kimi hər bir hərbi qulluqçumuz misilsiz şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr vurdu. Qəhrəman əsgər və zabitlərimiz başımıza gətirilən faciələrin, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların qisasını döyüş meydanında alaraq möhtəşəm Qələbə qazandı, xalqımıza böyük sevinc və qürur hissi yaşatdılar. Şəhidlərimizin əziz xatirəsi daim hər bir azərbaycanlının qəlbində yaşayacaq, onların dillərə dastan olan qəhrəmanlığı əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçəcək.
Qədirbilən xalqımız, dövlətimiz qazilərimizi, şəhidlərimizin əmanətini unutmur, onlara dəstəyini ifadə edir. Hazırda qazilərimiz, şəhid ailələri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Onların sosial rifahının yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər görülür.
Bir sözlə, Tovuz döyüşləri Azərbaycan Ordusunun tarixi Qələbəsinin, Ermənistan silahlı qüvvələrinin biabırçı məğlubiyyətinin carçılarından idi.


