Menecment fənni üzrə açıq dərs: “Problemin səmərəli həlli proseduru və mübahisəli qərarlar”

Fakültəmizin “Menecment və turizm işi” kafedrasının müəllimi  Sevinc Quliyeva“Menecment” fənni çərçivəsində olduqca aktual və praktiki əhəmiyyət kəsb edən “Problemin səmərəli həlli proseduru: Mübahisəli qərar” mövzusunda “Biznesin idarə edilməsi” ixtisasına (II kurs) açıq dərs keçirmişdir. Dərsdə fakültə dekanı, dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, “Menecment və turizm işi” kafedrasının müdiri, dosent, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əli Allahverdiyev, kafedranın müəllimləri – Türkan Rzayeva, Elmira Məmmədova,  İqtisad elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Elnurə Xudaverdiyeva iştirak etmişlər.

Müasir iş dünyasında menecerin uğuru onun təkcə gündəlik tapşırıqları icra etməsi ilə deyil, həm də gərgin və mübahisəli anlarda düzgün qərar qəbul etmə bacarığı ilə ölçülür. Dərs zamanı bu bacarıqların inkişaf etdirilməsi üçün nəzəri biliklər real keyslər (vəziyyətli tapşırıqlar) üzərində sınaqdan keçirilmişdir.

Münaqişənin görünən tərəfləri ilə yanaşı, onun kökündə duran əsl səbəblərin aşkarlanması, mübahisəli qərar qəbul edərkən tərəflərin maraqlarının balanslaşdırılması, qərarın nəinki qəbul edilməsi, həm də onun komanda tərəfindən qəbul olunması üçün tətbiq edilən addımlar dərsin əsas diqqət mərkəzinə çevrilmişdir.

Açıq dərs müddətində tələbələr kiçik qruplara bölünərək “Mübahisəli qərar” keysi üzərində işləmişlər. Hər bir qrup müəyyən edilmiş ssenari üzrə fərqli həll yolları təklif etmiş və öz qərarlarını idarəetmə prinsipləri ilə əsaslandırmışlar. Bu yanaşma tələbələrdə həm tənqidi təfəkkürün, həm də kollektiv daxilində səmərəli kommunikasiya qurmaq qabiliyyətinin inkişafına xidmət etmişdir. Nəticə olaraq, iştirakçılar öyrənmişlər ki, ən çətin qərar belə, düzgün prosedur və sistemli yanaşma tətbiq edildikdə təşkilat üçün inkişaf fürsətinə çevrilə bilər.

Sevinc müəlliməyə elmi fəaliyyətində uğurlar arzu edirik!