Gənc tədqiqatçılar üçün elmin qapıları açılır: Tezis yazmağın sirləri.

Gənc tədqiqatçıların elmi fəaliyyətə marağını artırmaq məqsədilə seminar keçirilib. Tələbə Elmi Cəmiyyətinin (TEC) fakültə üzrə elmi rəhbəri Könül Quliyeva və fakültə TEC sədri Güləsər Musayeva təşkilatçılığı ilə tələbələr üçün “Tezis və elmi məqalələrin hazırlanma metodikası” mövzusunda maarifləndirici təlim baş tutub. Tədbirin əsas məqsədi tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, onlarda akademik yazı vərdişlərinin formalaşdırılması və beynəlxalq standartlara uyğun məqalə hazırlamaq bacarıqlarının inkişaf etdirilməsidir.

Təlim zamanı məruzəçilər elmi işin struktur bölmələri haqqında ətraflı məlumat veriblər. Xüsusilə aşağıdakı məqamlar vurğulanıb:

  • Tədqiqatın müasir elmin tələblərinə cavab verməsi.
  • Həcm və məzmun baxımından əsas tələblər.
  • Giriş, metodologiya, təhlil və nəticə hissələrinin düzgün qurulması.
  • Plagiatla mübarizə və ədəbiyyat siyahısının tərtibi.

Təlimin interaktiv hissəsində tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara praktiki tövsiyələr verilib. İştirakçılar qeyd ediblər ki, bu növ tədbirlər gələcəkdə konfranslarda və elmi jurnallarda çıxış etmək üçün mühüm zəmin yaradır.

Sonda tələbələrə elmi fəaliyyətlərində uğurlar arzulanıb və TEC-in bu istiqamətdə layihələrinin davamlı olacağı bildirilib.