Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində tələbələrin elmi-tədqiqat fəaliyyətini stimullaşdırmaq və müasir texnoloji trendləri müzakirə etmək məqsədilə Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti üzrə növbəti dəyirmi masa təşkil olunub. “Gənclərin ideyası: rəqəmsal gələcəyin əsası” mövzusuna həsr olunmuş tədbir, fakültə TEC sədri Musayeva Güləsər və elmi rəhbər Quliyeva Könül müəllimənin rəhbərliyi ilə baş tutub. Tədbirdə fakültə dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, elmi işlər üzrə sədr müavini Rəhman Abdullayev, TEC idarə heyəti və fakültənin müəllim-tələbə heyəti iştirak etmişlər.
Dəyirmi masanı giriş sözü ilə açan təşkilatçılar müasir dövrdə rəqəmsallaşmanın iqtisadiyyatın bütün sahələrinə nüfuz etdiyini və bu prosesdə gənclərin innovativ ideyalarının həlledici rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, bu cür elmi platformalar tələbələrin nəzəri biliklərini praktik ideyalarla birləşdirməsi üçün mühüm fürsətdir.
Müzakirə olunan əsas istiqamətlər:
- Rəqəmsal Transformasiya: İqtisadiyyatın idarə olunmasında yeni texnologiyaların tətbiqi;
- Startap və İnnovasiya: Gənclərin müəllifi olduğu texnoloji layihələrin gələcək perspektivləri;
- Süni İntellekt və İqtisadiyyat: Rəqəmsal gələcəkdə kadr potensialının formalaşması;
- Elektron İdarəetmə: İdarəetmə strukturlarında şəffaflıq və çevikliyin artırılması yolları.
Tədbir formatına uyğun olaraq, dəyirmi masa qarşılıqlı diskussiya şəraitində davam edib. Fakültənin fəal tələbələri Musayeva Güləsər, Nəsirov Elməddin, Salahova Nigar və Məhərrəmova Şahsənəm rəqəmsal gələcək haqqında öz fərdi yanaşmalarını təqdim edərək, gələcəyin iqtisadi modelində gənclərin rolunu xüsusi qeyd ediblər. Musayeva Güləsər və Quliyeva Könül müəllimə tələbələrin suallarını cavablandıraraq, elmi araşdırmaların daha da dərinləşdirilməsi üçün onlara öz tövsiyələrini veriblər. Daha sonra kiçik bir yarış təşkil edilərək, ən fəal tələbələr seçilib və tədbir yüksək təşkilatçılıq və aktiv iştirakla yadda qalıb.
Sonda vurğulanıb ki, İqtisadiyyat və İdarəetmə fakültəsi gənclərin elmi potensialını üzə çıxarmaq üçün bu növ yaradıcı və elmi müzakirələri mütəmadi olaraq davam etdirəcəkdir.






