Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə iqtisadiyyatın müasir və prioritet istiqamətlərindən biri olan “Qeyri-neft sektorunun dayanıqlılığı: müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbir ölkə iqtisadiyyatının diversifikasiyası prosesində gənclərin elmi potensialını üzə çıxarmaq və onların tədqiqatçılıq qabiliyyətlərini stimullaşdırmaq məqsədi daşımışdır.
Tədbiri giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor tarix elmləri namizədi, dosent Kərimzadə Pərvin qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin əsas strateji hədəflərindən biri olduğunu vurğulamışdır. O, tələbələrin elmi fəaliyyətə cəlb olunmasının universitetin akademik nüfuzuna müsbət təsirini qeyd edərək, gənc tədqiqatçılara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Konfransda iştirak edən Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək, tələbə təşəbbüskarlığının dəstəklənməsinin vacibliyini qeyd etmiş, təqdim olunan mövzuların aktuallığını yüksək qiymətləndirmişdir.
Daha sonra çıxış edən fakültə dekanı dosent Məsim Abadov konfransın mövzusunun müasir iqtisadi çağırışlarla üst-üstə düşdüyünü qeyd edərək, tələbələrin elmi hazırlıq səviyyəsindən razılığını ifadə etmişdir.
“İqtisadiyyat” kafedrasının müdiri dosent Zakir Əhmədov isə öz çıxışında elmi məqalələrin hazırlanma prosesindəki metodoloji yanaşmalara toxunmuş, tələbələrə elmi fəaliyyətlərini davam etdirmələri üçün tövsiyələrini vermişdir.
TEC-in fakültə sədri Könül Quliyeva çıxış edərək, tələbələrlə yaxından işləməyi, onlara elmi yaradıcılıq yolunda bələdçilik etməyi və düzgün istiqamət verməyi özünün mənəvi borcu hesab etdiyini bildirmişdir. O, gənclərin hər bir elmi təşəbbüsünün arxasında böyük bir əməyin dayandığını və bu yolda onlara hər zaman dəstək olmağa hazır olduqlarını vurğulamışdır.
Konfransın işçi hissəsində tələbələr tərəfindən hazırlanmış məqalə və multimedia təqdimatları dinlənilmişdir. Məruzələrdə əsasən aşağıdakı istiqamətlər təhlil olunmuşdur:
- Regionların sosial-iqtisadi inkişafında qeyri-neft sektorunun rolu;
- İnnovativ idarəetmə metodlarının tətbiqi;
- Rəqəmsal iqtisadiyyat və kiçik-orta sahibkarlığın perspektivləri.
Tədqiqat işləri müvafiq komissiya tərəfindən əvvəlcədən müəyyən edilmiş xüsusi qiymətləndirmə meyarları əsasında obyektiv şəkildə dəyərləndirilmişdir.
Tədbirin sonunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunmuşdur. Konfrans gənc iqtisadçılar arasında elmi dialoqun qurulması və innovativ ideyaların mübadiləsi üçün effektiv platforma rolunu oynamışdır.
Gənc tədqiqatçılara uğurlar arzu edirik!






