“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş”  dəyirmi masa keçirildi

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İqtisadiyyat və idarəetmə fakültəsində dəyirmi masa keçirilmişdir. Tədbir fakültənin həyətində ucaldılmış Ulu Öndərin xatirə abidəsini ziyarət etməklə başlanılıb. Tədbir iştirakçıları abidə önünə tər çiçəklər düzərək, Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramlarını bildiriblər.

Daha sonra tədbir fakültənin daxilində davam edib. İlk öncə, Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Xalqımızın bu günlərə çatması üçün canından keçən şəhidlərimizin və müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Dövlət və bələdiyyə ixtisasının I kurs tələbəsi Nəhayət Rəhimova giriş sözü üçün Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevaya söz verib. Prorektor Ulu Öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsindəki müstəsna xidmətlərini vurğulamışdır. Prorektor öz çıxışında qeyd etmişdir ki, Heydər Əliyev şəxsiyyəti təkcə bir dövlət rəhbəri deyil, həm də milli birliyin və ideologiyanın rəmzi kimi Azərbaycan tarixində əbədi yer tutmuşdur.

Daha sonra çıxış edən fakültə dekanı dosent Məsim Abadov vurğulamışdır ki, dahi liderin elm və təhsil sahəsinə göstərdiyi diqqət bu gün Azərbaycanın kadr potensialının formalaşmasında fundamental rol oynayır. Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs, hazırda dövlət başçısı tərəfindən uğurla davam etdirilərək ölkəmizi daha parlaq gələcəyə doğru aparır.

Tədbirdə “Menecment və turizm işi” kafedrasının müdiri dosent Əli Allahverdiyev “Heydər Əliyev mürəkkəb situasiyalarda düzgün strateji qərarların müəllifidir”, “İdarəetmə” kafedrasının baş müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Həcər Orucova “Heydər Əliyevin stabillik və inkişaf strategiyası”, “İdarəetmə” kafedrasının baş müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Şəlalə Həsənova “Azərbaycanın iqtisadi inkişafı və Heydər Əliyev irsi”,  “İqtisadiyyat” kafedrasının müəllimi Emiliya Əsgərova “Heydər Əliyev irsi və müasir Azərbaycanın iqtisadi qüdrəti”, “Menecment və turizm işi” kafedrasının müəllimi Səfurə Hüseynova “Bİr cümləlik ömür: sözün və iradənin vəhdəti” mövzularında çıxış etmiş, Mühasibat ixtisasının II kurs tələbəsi Banuçiçək Quliyeva “Ulu bir sərkərdə, Ulu bir öndər şeirini səsləndirmişdir.

103-cü ildönümü çərçivəsində keçirilən bu tədbir bir daha sübut etdi ki, Heydər Əliyevin ideyaları müasir Azərbaycanın inkişaf ritmini tənzimləyən əsas qüvvədir. Akademik mühitdə bu cür konfransların keçirilməsi, gənc tədqiqatçıların dövlətçilik şüurunun inkişafına və ulu öndərin irsinin dərindən öyrənilməsinə xidmət edir.

Sonda 18 aprel tarixində keçirilən “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “İqtisadçı – intellektual bilik yarışı”nın ilk 3 yer qaliblərinə Fəxri Fərmanları verilmişdir.