Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə fakültəmizin fəal tələbələri də öz elmi və yaradıcı baxışları ilə çıxış edirlər. GDU TEC Elmi işlər üzrə sədr müavini, İqtisadiyyat ixtisasının II kurs tələbəsi Rəhman Abdullayev tərəfindən qələmə alınmış bu məqalədə Ulu Öndərin Azərbaycan iqtisadiyyatının formalaşmasındakı rolu və gənclərə göstərdiyi diqqət təhlil olunur. Həmin məqaləni oxucularımıza təqdim edirik.
Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin 35 illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, Beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir.
Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 103 il keçir, Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
