Gəncə Dövlət Universitetinin kollektivinə ağır itki üz vermişdir.
Gəncə Dövlət Universitetinin “İdarəetmə” kafedrasının keçmiş müdiri, tanınmış alim, iqtisad üzrə fəlsəfə doktoru, dosent Zakir Qəşəm oğlu Abbasov ömrünün 80-ci ilində vəfat etmişdir.
Zakir Abbasov 1946-cı ildə Gəncə şəhərində anadan olmuş, bütün həyatını doğma şəhərinə və elmin inkişafına həsr etmişdir. O, 1968-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirdikdən sonra zəngin bir əmək yolu keçmişdir. 1972-ci ildən etibarən Gəncə Dövlət Pedaqoji İnstitutunda (hazırkı GDU) fəaliyyətə başlayan Zakir müəllim, burada Siyasi iqtisad və İqtisadiyyat kafedralarında çalışmış, minlərlə tələbənin yetişməsində müstəsna xidmətlər göstərmişdir.
1992-ci ildən dosent rütbəsi ilə fəaliyyətini davam etdirən Zakir Abbasov, 2007-ci ildən 2023-cü ilədək “İdarəetmə” kafedrasına rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə kafedrada tədrisin keyfiyyətinin yüksəldilməsi və gənc kadrların hazırlanması istiqamətində mühüm işlər görülmüşdür.
Zakir müəllim həm həmkarları, həm də tələbələri arasında dərin savadı, prinsipiallığı və yüksək insani keyfiyyətləri ilə böyük hörmət qazanmışdı. Onun vəfatı universitetimizin elmi-pedaqoji ictimaiyyəti üçün böyük itkidir.
İqtisadiyyat və idarəetmə fakültəsinin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

