İqtisadiyyat və idarəetmə fakültəsində Magistratura pilləsində təhsil alan tələbələrin elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılması və müdafiə prosesinə hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə ilkin müzakirə mərhələsi keçirilmişdir.
Keçirilən görüşdə fakültə tərkibində fəaliyyət göstərən kafedraların müdirləri, magistrantların elmi rəhbərləri və professor-müəllim heyəti iştirak etmişlər. Görüşün əsas məqsədi magistrantların dissertasiya işlərinin mövcud vəziyyətini qiymətləndirmək və növbəti əsas müdafiə mərhələsinə keçid üçün sənədlərin akademik standartlara uyğunluğunu müəyyən etmək olmuşdur.
Müzakirələr zamanı hər bir magistrantın tədqiqat mövzusu üzrə apardığı işlər, əldə etdiyi elmi nəticələr və nəşr olunmuş elmi məqalələri tək-tək nəzərdən keçirilmişdir. Kafedra müdirləri və elmi rəhbərlər tərəfindən magistrantların təqdim etdiyi sənədlər və dissertasiya materialları diqqətlə yoxlanılmış, aşkar olunan cüzi çatışmazlıqların aradan qaldırılması istiqamətində konkret tapşırıqlar verilmişdir.
Eyni zamanda, tələbələrin əsas müdafiə mərhələsində daha uğurlu və əminliklə çıxış etmələri üçün elmi heyət tərəfindən metodoloji məsləhətlər və mühüm tövsiyələr səsləndirilmişdir. İnteraktiv sual-cavab və elmi müzakirələr şəraitində keçən görüş magistrantlar üçün yüksək səmərəli olmuşdur.
Fakültə dekanlığı və professor-müəllim heyəti adından ilkin müzakirə mərhələsini uğurla tamamlayan bütün magistrantlarımızı təbrik edir, onlara qarşıdan gələn əsas müdafiə mərhələsində elmi uğurlar arzulayırıq!






