Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin “Menecment və turizm işi” kafedrasında növbəti mühüm tədbir keçirilib. akültənin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsinin yekunlarına dair hesabat işlərini təqdim ediblər.
Tələbələr təcrübə müddətində regionun aparıcı hotelçilik müəssisələrindən biri olan “Gəncə Premium Hotel”, “Leon Hotel”, “Gəncə Hotel”də qazandıqları praktiki bilikləri, xidmət sahəsinin təşkili prinsiplərini və hotelin idarəetmə strukturunu dərindən öyrənərək hazırladıqları mövzuları diqqətə çatdırıblar.
Tədbirdə kafedranın professor-müəllim heyəti və təcrübə rəhbərləri iştirak ediblər. Çıxış edən tələbələr hotel menecmenti, qonaqların qarşılanması və yerləşdirilməsi (Front Office), marketinq strategiyaları, eləcə də regionun turizm potensialının tanıdılmasında bələdçilik işinin səmərəli təşkili kimi aktual mövzularda hazırladıqları hesabatları müdafiə ediblər. Tələbələrin hazırladıqları slaydlar və praktiki təkliflər xüsusi maraqla qarşılanıb.
Çıxış edən kafedra əməkdaşları qeyd ediblər ki, bu cür istehsalat təcrübələri tələbələrin universitetdə qazandıqları nəzəri biliklərin gələcək peşə fəaliyyətində uğurla tətbiq olunmasına və onların əmək bazarına hazır mütəxəssis kimi atılmasına böyük zəmin yaradır. Sonda hesabatlar ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.



