Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. Bu ərazilərdə yerləşən şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu prosesin mühüm tərəflərindən biri də həyata keçirilən işlərin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsidir. Bu baxımdan Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri xüsusi əhəmiyyət daşıyır.
Sentyabrın 11-12-də ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfər edib.
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanış olmaq imkanı yaradır.
Qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri idi. Səfər çərçivəsində diplomatlar ərazilərə baxış keçirilib, “İstisu” mineral sudoldurma zavodunda olub, Kəlbəcər şəhərində keçirilən Bal Festivalında iştirak edib və ərazidəki abidələrlə tanış olublar. Diplomatların Ağdərə rayonu ərazisində yerləşən Gəncəsər Monastır Kompleksinə və Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksinə səfəri də xüsusi diqqət çəkdi. Qonaqları müşayiət edən Prezidentin köməkçisi Hikmət Hacıyev bu komplekslərin Azərbaycan xalqına, bu torpaqlarda mövcud olmuş Alban dövlətinə məxsus tarixi və dini abidələr olması barədə ətraflı məlumat verdi.
Erməni işğalı dövründə bu tarixi abidələrin də saxtalaşdırılmasına cəhd göstərilmişdi. Lakin tarixi sənədlər və daş kitabələr bu abidələrin Azərbaycan ərazisində mövcud olmuş qədim Alban dövləti tərəfindən yaradıldığını göstərir və onların erməni kilsələrinə aidiyyəti olmadığını təsdiqləyir. Bu baxımdan xarici diplomatların həmin abidələri yerində görməsi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Təəssüflər olsun ki, Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərləri Ermənistanda çox mənfi reaksiya ilə qarşılanıb. Qəiyyətlə qeyd edilməlidir ki, bu səfərlə bağlı Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir. Qarabağ Azərbaycanın suveren ərazisidir. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.

