Gəncə Dövlət Universitetində 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək yeni tədris ilinin başlanması münasibəti ilə ali təhsil ocağının əməkdaşlarını və tələbələri təbrik edib, ən xoş arzularını çatdırıb və onlara uğurlar arzulayıb.
Rektor çıxışında Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək hazırda dövlət başçısı Cənab İlham Əliyevin təhsil sahəsinin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb və son illər ərzində universitetdə əldə edilən nailiyyətlər, kadr hazırlığı, tələbələr üçün yaradılan yeni imkanlar haqqında söhbət açıb. Bildirib ki, Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin sayı son 10 ildə 4 mindən 8 minə qədər yüksəlib. GDU-da təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialı, maddi-texniki bazanın gücləndirliməsi hər zaman diqqət mərkəzindədir. Bir vaxtlar yalnız pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetdə hazırda müxtəlif istiqamətlərə aid bakalavriat səviyyəsi üzrə 44 ixtisas, magistratura səviyyəsi üzrə 23 ixtisas üzrə 68 ixtisaslaşmada kadrlar hazırlanır.
Rektor son illərdə Gəncə Dövlət Universitetinə qəbul olunan tələbələr arasında yüksək bal toplayan gənclərin sayının ilbəil artdığını xüsusi vurğulayıb və diqqətə çatıdırıb ki, 2026/2027-ci tədris ilində də Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə payız semestri ərzində aldıqları təqaüddən əlavə hər ay 200 manat məbləğində həvəsləndirici təqaüd veriləcək, növbəti semestrlərdə isə ÜOMG-si 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda tələbələrə təqaüdün verilməsi davam edəcək.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında bildirib ki, 2026/2027-ci tədris ili üzrə 1800-dən çox gənc Gəncə Dövlət Universitetinin tələbəsi adını qazanıb. O da vurğulanıb ki, universitet məzunları əldə etdikləri nəzəri bilik və praktiki bacarıqlar sayəsində həm ölkə daxilində, həm də xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər. Prorektor məzunların əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasının universitetdə həyata keçirilən keyfiyyətli tədrisin, müasir inkişafı üçün yaradılan imkanların nəticəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə 673,1 bal toplayaraq GDU-nun bakalavriat səviyyəsi üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olan Xədicə Ələkbərova və 84,5 bal toplayaraq magistratura səviyyəsinə qəbul olan Qənirə Rzazadə çıxış ediblər. Tələbələr Gəncə Dövlət Universitetinin tələbəsi adını qazandıqları üçün sevinc hissi keçirdiklərini, təhsillərini məhz GDU-da davam etdirəcəklərinə görə fəxr etdiklərini bildiriblər. Gənclər GDU-da təhsil almağın yaratdığı imkanları yüksək qiymətləndirərək, qarşıdakı təhsil illərində yeni uğurlar qazanacaqlarını və universitetin adını layiqincə təmsil edəcəklərini bildiriblər.
Tələbə valideyni İlahə Namazova çıxış edərək bildirib ki, övladının Gəncə Dövlət Universitetini seçməsi təsadüfi deyil. Belə ki, qədim və zəngin tarixə malik GDU-nun özünəməxsus yeri və nüfuzu var. Universitetdə yaradılan müasir təhsil imkanları, professor-müəllim heyətinin peşəkarlığı və universitet rəhbərliyi tərəfindən tələbələrə göstərilən diqqət və qayğı bu seçimdə mühüm rol oynayır.
Tədbirin sonunda GDU-ya yüksək balla qəbul olan tələbələrə hədiyyələr təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






