Fakültədə baş müəllim Tural Əliyevin açıq dərsi keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində İdarəetmə kafedrasının baş müəllimi Tural Əliyev tərəfindən 28 senytabr tarixində yüksək akademik səviyyədə açıq mühazirə dərsi təşkil olunub.

Dövlət və bələdiyyə idarəetməsi ixtisasının I kurs tələbələrinə “Dövlət idarəçilik nəzəriyyəsi” fənni üzrə tədris olunan mühazirə “Azərbaycan Respublikasında icra hakimiyyəti və orqanlarının strukturu” mövzusuna həsr edilib.

Açıq dərsdə İqtisadiyyat və idarəetmə fakültəsinin rəhbərliyi, İdarəetmə kafedrasının müdiri, dosent Afəddin Həmidov, müəllim heyəti, dəvət olunmuş əməkdaşlar və tələbələr iştirak ediblər.

Mühazirəçi mövzunu müasir tədris metodologiyasına uyğun olaraq slaydlar, əyani vəsaitlər və interaktiv yanaşma ilə təqdim edib. Dərs zamanı Azərbaycan Respublikasında icra hakimiyyətinin konstitusiya-hüquqi əsasları, Azərbaycan Respublikası Prezidentinin icra hakimiyyəti sistemindəki yeri və səlahiyyətləri, Nazirlər Kabinetinin statusu, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksional strukturu hərtərəfli təhlil olunub. Müasir dövlət idarəçiliyində həyata keçirilən struktur islahatları, idarəetmənin optimallaşdırılması və rəqəmsallaşma meylləri xüsusi vurğulanıb.

Tələbələrin fəal iştirakı ilə keçən açıq dərsdə mövzu ətrafında geniş diskussiya aparılıb, ünvanlanan suallar elmi və praktiki misallarla əsaslandırılaraq cavablandırılıb.

Dərsin sonunda iştirak edən kafedra əməkdaşları və fakültə rəhbərliyi çıxış edərək mühazirənin məzmununu, tədris metodikasını, mühazirəçinin pedaqoji ustalığını və elmi hazırlığını yüksək qiymətləndiriblər.