“Menecment və turizm işi” kafedrasının müəllimi Türkan Rzayevanın “Animasiya xidmətinin strukturu” mövzusunda açıq dərsi təşkil olunub

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir interaktiv təlim metodlarının tətbiqi və gənc mütəxəssislərin peşəkar vərdişlərinin formalaşdırılması məqsədilə növbəti açıq mühazirə dərsi təşkil olunub.

Menecment və turizm işi kafedrasının müəllimi Türkan Rzayeva tərəfindən “Turizm işinin təşkili” ixtisasının III kurs tələbələrinə “Turizmdə əyləncə işinin təşkili” fənni üzrə keçirilən mühazirə “Animasiya xidmətinin strukturu. Turizm kompleksində animasiya işinin təşkili” mövzusuna həsr olunub.

Açıq dərsdə fakültənin dekanı dosent Məsim Abadov, “Menecment və turizm işi” kafedrasının müdiri dosent Əli Allahverdiyev, iqtisad elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Əlizamin Əmirov, müəllimə Flora Nağıyeva və digər əməkdaşlar iştirak etmişlər. Dərs zamanı fənn müəllimi Türkan Rzayeva turizm komplekslərində animasiya xidmətlərinin mahiyyəti, bu xidmətlərin strukturu və idarə olunması mexanizmləri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, müasir turizm sənayesində qonaqların asudə vaxtının səmərəli təşkili, müəssisənin rəqabət qabiliyyətinin artırılması və müştəri məmnunluğunun təmin edilməsində animasiya xidmətləri müstəsna rol oynayır.

Mühazirədə turizm komplekslərində animasiya komandasının formalaşdırılması, animasiya proqramlarının hazırlanması mərhələləri, idman-sağlamlıq və əyləncə tədbirlərinin planlaşdırılması əyani nümunələr və təqdimatlar vasitəsilə tələbələrin diqqətinə çatdırılıb.

Tələbələrin fəal iştirakı ilə keçən açıq dərsdə mövzu ətrafında geniş diskupsiya aparılıb, ünvanlanan suallar müəllim tərəfindən ətraflı cavablandırılıb. Dərsdə iştirak edən kafedranın professor-müəllim heyəti dərsin metodiki cəhətdən düzgün qurulduğunu, elmi-nəzəri səviyyəsini və əyaniliyini yüksək qiymətləndiriblər.

Türkan müəllimə pedaqoji fəaliyyətində uğurlar arzu edirik!