Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində 12 oktyabr 2026-cı il tarixdə akademik heyətin elmi fəaliyyətinin və elmi-tədqiqat işlərinin stimullaşdırılması məqsədilə növbəti elmi-nəzəri seminar təşkil olunub.
Seminarda İqtisadiyyat kafedrasının müəllimi Şəhla Abbasova “Azərbaycanda yüngül sənayenin inkişafının iqtisadi amilləri və istehsal potensialından səmərəli istifadə istiqamətləri” mövzusunda geniş və hərtərəfli məruzə ilə çıxış edib. Seminarda İqtisadiyyat kafedrasının müdiri dosent Zakir Əhmədov, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov, kaferdanın baş müəllimləri – Ziyafət Allahverdiyeva, Gülsəba Qazıyeva, Aynur Kərimova, Rafiq Abbasov, müəllimlər Emiliya Əsgərova, Gülşən Tağıyeva, Vüqar Babayev, İdarəetmə kafedrasının müdiri dosent Afəddin Həmidov, Menecment və turizm işi kafedrasının iqtisad elmləri doktoru, professor əvəzi Mayıs Gülalıyev və fakültənin əməkdaşları, tələbə kollektivi iştirak etmişlər.
Məruzəçi öz çıxışında ölkəmizdə qeyri-neft sektorunun vacib tərkib hissələrindən biri olan yüngül sənayenin mövcud vəziyyəti, bu sahənin dinamik inkişafını şərtləndirən əsas iqtisadi amillər və sahəvi resurslardan səmərəli istifadə yolları barədə ətraflı məlumat verib. Tədqiqatda lokal istehsal imkanlarının genişləndirilməsi, daxili bazarın rəqabətqabiliyyətli məhsullarla təmin olunması və xammal bazasından optimal istifadə mexanizmləri elmi-nəzəri baxımdan təhlil edilib.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, fakültənin professor-müəllim heyəti mövzu ilə bağlı suallar ünvanlayıb və öz rəy, təkliflərini bildiriblər. Maraqlı müzakirə şəraitində keçən seminarın sonunda qeyd olunan istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Şəhla müəlliməyə pedaqoji fəaliyyətində uğurlar arzu edirik!









