“Müəssisənin maliyyələşdirilməsi mənbələri” mövzusunda Menecment və turizm işi kafedrasının müəllimi Sevinc Quliyevanın açıq dərsi keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tədrisin keyfiyyətinin artırılması, müasir interaktiv təlim metodlarının tətbiqi və tələbələrin analitik təfəkkürünün inkişaf etdirilməsi məqsədilə növbəti açıq mühazirə dərsi təşkil olunub.

Açıq dərs Menecment və turizm işi kafedrasının müəllimi Quliyeva Sevinc Həsən qızı tərəfindən III kurs “Maliyyə” və “Mühasibat” ixtisası tələbələrinə “Maliyyə menecmenti” fənni üzrə “Müəssisənin maliyyələşdirilməsi mənbələri” mövzusunda keçirilib. Dərsdə fakültə dekanı dosent Məsim Abadov, Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev, İqtisad elmləri doktoru, professor əvəzi Mayıs Gülalıyev, İqtisad elmləri üzrə fəlsəfə doktoru baş müəllim Şahin Qasımov, Texnika elmləri namizədi, dosent Nazilə İsgəndərova, İqtisad elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Əlizamin Əmirov, Baş müəllim Gülnarə Turabova və müəllim-tələbə kollektivi iştirak etmişlər.

Mühazirəçi Sevinc Quliyeva mövzunun əsas mahiyyətini ətraflı izah edərək müəssisələrin maliyyə resurslarının formalaşması yolları, daxili və xarici maliyyələşdirmə mənbələri, xüsusi və borc kapitalının nisbəti, eləcə də optimal kapital strukturunun seçilməsi meyarları haqqında geniş məlumat verib. Dərs zamanı müasir bazar iqtisadiyyatı şəraitində müəssisələrin maliyyə dayanıqlığının təmin edilməsi, bank kreditləri, lizinq və qiymətli kağızlar bazarının rolu real iqtisadi keyslər və diaqramlar vasitəsilə əyani şəkildə nümayiş etdirilib.

Tələbələrin fəal iştirakı ilə keçən dərslərdə mövzu ətrafında geniş diskusiyalar aparılıb, tələbələrin sualları cavablandırılıb. Açıq dərsdə iştirak edən fakültə dekanlığı və kafedra müəllimləri dərsin metodiki baxımdan yüksək səviyyədə təşkil olunduğunu və tədris standartlarına tam cavab verdiyini bildirərək müsbət qiymətləndiriblər.

Sevinc müəlliməyə pedaqoji fəaliyyətində uğurlar arzu edirik!