29 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində gənclərin sağlam gələcəyi və maarifləndirilməsi məqsədilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib. Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, İqtisadiyyat kafedrasının müdiri dosent Zakir Əhmədov, İdarəetmə kafedrasının müdiri dosent Afəddin Həmidov, Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev, İqtisadiyyat kafedrasının müəllimi Emiliya Əsgərova və fakültənin tələbə heyəti iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canından keçmiş əziz şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva gənclər arasında zərərli vərdişlərə qarşı mübarizənin əhəmiyyətindən söz açıb. Prorektor tələbələri sağlam həyat tərzini seçməyə, cəmiyyətimizin gələcəyini təhdid edən narkomaniya təhlükəsinə qarşı hər zaman diqqətli və məsuliyyətli olmağa çağırıb.
Daha sonra Menecment və turizm işi kafedrasının müdiri, dosent Əli Allahverdiyev “Gəncliyi məhvə aparan yol” mövzusunda əhatəli və ibrətamiz çıxış edib. O, acı həqiqətləri və real təhlükələri faktlarla diqqətə çatdıraraq gənclərin bu bəladan uzaq durmasının vacibliyini vurğulayıb.
Tədbirdə tələbələrin də fəal iştirakı təmin olunub. “Biznesin idarə edilməsi” ixtisasının II kurs tələbəsi Aysun Abdullayeva “Narkomaniyanın iqtisadiyyata təsiri” mövzusunda hazırladığı slayd təqdimatı ilə çıxış edərək, bu zərərli vərdişin təkcə fərdin sağlamlığına deyil, həm də ölkə iqtisadiyyatına və cəmiyyətin inkişafına vurduğu ciddi zərərləri elmi-analitik baxımdan şərh edib.
Tədbirin yekununda narkomaniyanın fəsadlarını və acı nəticələrini əks etdirən təsirli videoçarx nümayiş olunub.






