Müəllimlərimizin elmi potensialının artırılması, onların daim öz üzərilərində çalışması və elmi-tədqiqat fəaliyyətlərini beynəlxalq səviyyədə uğurla təbliğ etməsi fakültəmizin əsas prioritetlərindəndir. Peşəkar yanaşması, gərgin elmi axtarışları və ardıcıl fəaliyyəti ilə hər zaman seçilən tədqiqatçılarımızın bu cür nüfuzlu tədbirlərdə uğur qazanması qürurvericidir.
26–28 oktyabr 2026-cı il tarixlərində Türkiyənin Diyarbəkir şəhərində Dicle Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsi və Almaniyanın Bielefeld Tətbiqi Elmlər Universitetinin birgə təşkilatçılığı ilə 9-cu Beynəlxalq İqtisadiyyat, Siyasət və İdarəetmə Simpoziumu (ISEPA 26) keçirilmişdir.
Daim öz üzərində çalışan, elmi yenilikləri izləyən və tədqiqatlarını təkmilləşdirən İdarəetmə kafedrasının baş müəllimi Fuad Abbasov simpozium çərçivəsində online formatda çıxış edərək “Qeyri-müəyyən iqtisadi şəraitdə korporativ maliyyə strategiyalarında risklərin idarə edilməsinin rolu” mövzusunda elmi məruzəsini uğurla təqdim etmişdir.
Məruzədə qlobal iqtisadi qeyri-müəyyənliklər və bazar dalğalanmaları fonunda şirkətlərin maliyyə dayanıqlığının təmin edilməsi, risklərin öncədən müəyyən olunaraq qiymətləndirilməsi və korporativ maliyyə strategiyalarına risk idarəetmə mexanizmlərinin inteqrasiyası məsələləri geniş təhlil edilmişdir. Yüksək elmi hazırlıq tələb edən bu uğurlu təqdimata görə Fuad Abbasova simpoziumun təşkilat komitəsinin sədri prof. dr. Pelin Karatay Gögül tərəfindən beynəlxalq təqdimat sertifikatı təqdim olunmuşdur.
Fuad müəllimə elmi pedaqoji fəaliyyətində uğurlar arzu edirik!

