GDU-nun iqtisad elmləri doktoru Arzu Həsənov Mingəçevirdə keçirilən “Təhsil və Turizm Forumu”nda uğurla çıxış edib

Universitetimizin elmi potensialının artırılması, akademik heyətimizin ölkə miqyasında keçirilən nüfuzlu tədbirlərdə fəal iştirakı və elmi-tədqiqat nəticələrini bölüşməsi ənənəvi olaraq uğurla davam edir. Daim öz üzərində çalışan, elmi yenilikləri izləyən və tədqiqatlarını təkmilləşdirən görkəmli alimlərimizin bu cür mötəbər platformalarda təmsil olunması qürurvericidir.

30 oktyabr 2026-cı il tarixində Mingəçevir Turizm Kollecinin 20 illik yubiley tədbirlər planı çərçivəsində Kür Olimpiya Tədris-İdman Mərkəzi “Arena Hotel Kür”-də “Təhsil və Turizm Forumu” keçirilmişdir. “Təhsil və turizm sahəsində perspektivlər, problemlər və həllər” mövzusuna həsr olunan bu nüfuzlu tədbirdə dövlət qurumlarının, ali və orta ixtisas təhsili müəssisələrinin, turizm və hotelçilik sektorunun, eləcə də özəl şirkətlərin nümayəndələri iştirak etmişlər.

Tədbir çərçivəsində təhsil və turizmin inkişafı, müasir dövrün tələblərinə uyğun kadr hazırlığı, əmək bazarı ilə təhsil müəssisələri arasındakı əlaqələrin gücləndirilməsi istiqamətində mühüm müzakirələr aparılmışdır.

Forumun açılışında Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin təhsil və təlim sektorunun müdiri Günay Fərzəliyeva, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Azər Hüseynov, UNEC-in Zaqatala filialının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Raqif Qasımov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, “Job in Global” MMC-nin təsisçisi Ceyhun Sabirli və “HTech Invest” MMC-nin baş icraçı direktoru Lətif Məhərrəmov, Gəncə Dövlət Universitetinin Menecment və turizm işi kafedrasının İqtisad elmləri doktoru, professor Arzu Həsənov yüksək səviyyədə iştirak edərək forumun panel müzakirələrinə mühüm elmi töhfələr vermişlər. Arzu müəllim ölkə turizminin və təhsilinin aktual problemləri, eləcə də onların həlli yolları ilə bağlı qaldırılan bir sıra strateji sualları ətraflı şəkildə cavablandırmışdır:

  • Qarabağ və Şərqi Zəngəzurda Turizm Potensialı: Professor Arzu Həsənov işğaldan azad edilmiş ərazilərimizdə turizmin inkişafı, mövcud turizm potensialı və yaxın gələcəkdə gözlənilən yeniliklər barədə dəyərli fikirlərini bölüşmüşdür.
  • Təhsil Proqramlarının Müasirləşdirilməsi və Xarici Dillərin Tədrisi: Orta məktəblərdən ali və orta ixtisas təhsilinə keçiddə yaranan ənənəvi və müasir metod uyğunsuzluqlarının aradan qaldırılması, xüsusilə ingilis, rus və digər çoxdanışılan dillərin tədris qaydalarının (dinləmə, oxuma, yazma, danışma) müasir metodika ilə inteqrasiyası istiqamətində effektiv təkliflər səsləndirmişdir.
  • Bələdçilik Sahəsində Təhsil və Əmək Bazarı Uyğunsuzluğu: Turizm bələdçiliyi ixtisası məzunlarının məşğulluq problemlərinin kökündə duran səbəbləri – sertifikasiya proseslərinin mürəkkəbliyi, vakansiya məhdudiyyətləri və əməkhaqqı paketlərinin rəqabətədavamlılığı baxımından təhlil edərək, bu sahədə zəruri institusional addımları və tənzimləmə mexanizmlərini diqqətə çatdırmışdır.
  • Regionlarda İctimai Yaşayış və Xidmət Keyfiyyəti: Regionlardakı restoran və ictimai iaşə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi, məcburi və ya könüllü ulduz sisteminin, standart xidmət sertifikatlaşdırılmasının, eləcə də sahibkarlar üçün vergi güzəştləri və subsidiyalaşdırılmış təlim proqramlarının tətbiqi zəruriliyini vurğulamışdır.
  • Mövsümilik Amili və Kadr Dayanıqlılığı: Turizm sənayesində mövsümiliyin insan resurslarına mənfi təsirlərinin azaldılması, Dövlət Məşğulluq Agentliyinin proqramlarından səmərəli istifadə və hotel idarəçiliyində diversifikasiya və kadr saxlama mexanizmləri barədə elmi mövqeyini ifadə etmişdir.
  • Aqroturizm və Kənd Turizminin İnkişafı: Ölkəmizin regionlarındakı zəngin aqroturizm potensialının reallaşdırılmasına mane olan bürokratik əngəllər, torpaq təyinatının dəyişdirilməsi və sahibkarların bu sahəyə stimullaşdırılması istiqamətində dövlət tərəfindən tətbiq olunmalı tədbirləri şərh etmişdir.

Professor Arzu Həsənovun dərin məzmunlu çıxışları və elmi əsaslandırılmış cavabları tədbir iştirakçıları, yerli qurum və sənaye nümayəndələri tərəfindən böyük maraqla qarşılanmışdır.

Arzu müəllimə elmi pedaqoji fəaliyyətində uğurlar arzu edirik!