TEC Rəhbəri Könül Quliyevanın təşəbbüsü ilə tələbələr arasında interaktiv təqdimat yarışması və xüsusi mükafatlandırma keçirilib

Fakültəmizdə tələbələrin elmi potensialının üzə çıxarılması, nəzəri biliklərin praktika ilə inteqrasiyası və onların analitik təfəkkürünün inkişaf etdirilməsi istiqamətində maraqlı layihələr davam edir.

Fakültənin fəal müəllimlərindən olan, Tələbə Elmi Cəmiyyətinin (TEC) rəhbəri və İdarəetmə kafedrasının müəllimi Könül Quliyeva tələbələrə daim motivasiya verən, onların elmi və fərdi inkişafını ön plana çəkən növbəti uğurlu layihəyə imza atıb. Tələbələrlə hər zaman yaxından maraqlanan, onların analitik və təqdimat bacarıqlarının formalaşmasına xüsusi diqqət ayıran Könül müəllimənin təşkilatçılığı ilə Marketinq və Menecment ixtisaslarının 2-ci kurs tələbələri arasında yarış tipli təqdimat mərhələsi təşkil olunub.

Ümumilikdə 4 komandanın mübarizə apardığı yarışmanın əsas şərti müxtəlif aktual mövzular üzrə dərin elmi-analitik təhlillər və araşdırmalar aparmaqdan ibarət olub. Komandaların çıxışları mövzunun əhatəliliyi, təqdimat bacarığı, kreativ yanaşma və komanda işi kimi mühüm kriteriyalar əsasında obyektiv şəkildə qiymətləndirilib.

Könül müəllimənin dəstəyi ilə gərgin və maraqlı keçən bilik mübarizəsinin nəticələrinə əsasən:

1-ci yerin qalibi: “SOCAR” komandası olub. Könül müəllimə tərəfindən qalib komandanın üzvlərinə “44” filminə kinoteatr biletləri hədiyyə olunub və bu gün tələbələr müəllimləri ilə birgə filmi izləyərək unutulmaz anlar yaşayıblar.

2-ci yerin qalibi: “Sübh sevinci” komandası layiq görülərək xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Tələbələrin elmi dünyagörüşünün artırılmasına, onların həvəsləndirilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə hər zaman xüsusi qayğı ilə yanaşan TEC rəhbəri Könül Quliyevaya dərin təşəkkürümüzü bildirir, bütün tələbələrimizə yeni elmi uğurlar arzulayırıq!