Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 30–31 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində hibrid formatda Doktorantların və Gənc Tədqiqatçıların XXIX Respublika Elmi Konfransı (NASCO29) keçirilib. Ölkə üzrə ən genişmiqyaslı elmi platformalardan biri olan bu konfransda gənc alimlər və tədqiqatçılar öz elmi yeniliklərini təqdim ediblər.
Mötəbər elmi məclisdə Gəncə Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi, GDU Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi işlər üzrə sədr müavini Rəhman Abdullayev də fəal iştirak edib.
Daim öz üzərində çalışan, elmi axtarışları və yüksək analitik təfəkkürü ilə seçilən fəal kadrımız konfransda “Azərbaycanın Xarici İqtisadi Əlaqələrinin İnkişafı” mövzusunda çıxış edərək məqaləsini uğurla təqdim etmişdir. Ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemindəki yeri və inkişaf perspektivlərinə həsr olunan bu tədqiqat işi dinləyicilər və konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Elm sahəsində inamla irəliləyən tələbəmiz Rəhman Abdullayevi uğurlu çıxışı münasibətilə təbrik edir, ona elmi və akademik fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!



