“Keys menecmenti” fənnindən İlkin Mustafayevin açıq dərsi keçirilib

16 noyabr 2026-cı il tarixində saat 10:15-də Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment və turizm işi kafedrasının müəllimi İlkin Mustafayevin açıq dərsi keçirilib.

Açıq dərs Tarix və coğrafiya fakültəsinin “Sosial iş” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün “Keys menecmenti” fənnindən “Şəxslərarası ünsiyyət, əlaqələndirmə və informasiya yığma bacarıqları” mövzusunda təşkil olunmuşdur. Dərsdə Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev, Texnika elmləri namizədi, dosent Nazilə İsgəndərova, İqtisad elmləri üzrə fəlsəfə doktoru baş müəllim Şahin Qasımov, İqtisad elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Əlizamin Əmirov və fakültənin tələbə heyəti iştirak etmişlər.

Dərs prosesində sosial iş praktikasında müraciətçilərlə effektiv kommunikasiyanın qurulması, müxtəlif qurumlar və mütəxəssislər arasında koordinasiyanın təşkili, eləcə də keys üzrə dəqiq və obyektiv məlumatların toplanması üsulları ətraflı şəkildə izah olunub. Müəllim İlkin Mustafayev nəzəri bilikləri real situasiya nümunələri ilə əlaqələndirərək tələbələrin praktiki təhlil bacarıqlarının inkişafına diqqət yetirib.

İnteraktiv müzakirə şəraitində davam edən açıq dərsdə tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Sonda fakültənin professor-müəllim heyəti tərəfindən dərsin metodiki baxımdan yüksək səviyyədə qurulduğu, müasir tədris tələblərinə tam cavab verdiyi qeyd olunmuşdur.

İlkin müəllimə pedaqoji fəaliyyətində uğurlar arzu edirik!