18 noyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universitetində “Rəqəmsal Gələcək: Region Gənclərinin İqtisadi İnteqrasiyası” layihəsi çərçivəsində təlim proqramına start verilib. Təlimdə universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri iştirak ediblər.
Təlimin ilk günündə GDU-nun Müasir Təlim Mərkəzinin müdiri, dosent İlqar Kubışov açılış nitqi ilə çıxış edərək layihənin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi tərəfindən 1 oktyabr 2026-cı il tarixindən etibarən həyata keçirilən layihə gənclərin rəqəmsal iqtisadiyyata inteqrasiyasına, bu sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Qeyd olunub ki, layihə çərçivəsində GDU-da üç gün ərzində təlimlər keçiriləcək.
Daha sonra layihə rəhbəri Günay Həsənli çıxış edərək layihənin əsas istiqamətləri, region gəncləri üçün rəqəmsallaşmanın yaratdığı imkanlar və gələcək perspektivləri barədə məlumat verib.
Yerli və beynəlxalq səviyyəli təlimçi Rafət Şirəliyev isə iştirakçılara elektron ticarət və data analitikası sahələrini əhatə edən təlim proqramını təqdim edib.
Təlim proqramının əsas məqsədi gənclərin rəqəmsal texnologiyalar, süni intellekt, sahibkarlıq və innovativ düşüncə sahələrində biliklərinin artırılması, onların müasir əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etmələrinə dəstək göstərilməsidir. Təlimdə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri də fəal şəkildə iştirak etmişlər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub, seçilən üç tələbəyə isə masaüstü biznes oyunları hədiyyə edilib.



