“Motivasiya nəzəriyyələri və işçi davranışı” mövzusunda i.f.d., baş müəllim Şəlalə Həsənovanın açıq mühazirə dərsi keçirilib

26 noyabr 2026-cı il tarixində saat 17:00-da Gəncə Dövlət Universitetində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və müasir tədris metodlarının tətbiqi məqsədilə açıq dərs keçirilib. “Ümumi idarəetmə” ixtisaslaşması üzrə magistratura səviyyəsinin I kursunda “Strateji idarəetmə və təşkilati davranış” fənni üzrə təşkil olunan mühazirəni İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim Şəlalə Həsənova aparıb. Dərsdə İdarəetmə kafedrasının müdiri dosent Afəddin Həmidov, ­­­­­­­­­­İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim Həcər Orucova, Baş müəllim Rəhmiyyə İbrahimova və magistrantlar iştirak ediblər.

“Motivasiya nəzəriyyələri və işçi davranışı” mövzusuna həsr olunan dərsdə müasir təşkilatlarda insan kapitalının idarə olunması, əmək məhsuldarlığının artırılmasında motivasiya mexanizmlərinin rolu və işçi davranışına təsir göstərən daxili və xarici amillər elmi-nəzəri əsaslarla izah edilib. Mühazirəçi klassik və müasir motivasiya nəzəriyyələrinin müqayisəli təhlilini apararaq onların real idarəetmə mühitində tətbiq imkanlarını konkret nümunələr üzərində şərh edib.

Tədris prosesində interaktiv yanaşmadan istifadə olunub, magistrantlarla qarşılıqlı fikir mübadiləsi aparılıb və təşkilati davranış modellərinin strateji qərarların qəbuluna təsiri praktiki situasiyalar əsasında müzakirə edilib. Dərsdə iştirak edən magistrantlar mövzu ətrafında suallar ünvanlayaraq müasir idarəetmə çağırışları fonunda motivasiya alətlərinin səmərəliliyi ilə bağlı mövqelərini bölüşüblər.

Sonda mühazirənin elmi-metodiki səviyyəsi, mövzunun əhatəli təqdimatı və magistrantların dərsə fəal cəlb olunması yüksək qiymətləndirilib.

Şəlalə müəlliməyə elmi pedaqoji fəaliyyətində uğurlar arzu edirik!