İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətindən

Mərhum Vaqif Səmədoğlu demiş, “Günün baxtına bir bax”. İyirmi əsr ilin, ayın adi günlərindən biri olasan, sonra gəlib Azərbaycan xalqını möhtəşəm zəfərlərə aparan iki möhtəşəm seçkinin keçirildiyi gün kimi yadda qalasan. Yəni oktyabrın 15-i təkcə bizi bəxtəvər eləməyib, elə özü də bəxtəvər gündür ki, əlli milyonluq xalq hər il bu tarixi ehtiramla yada salır.
Etiraf edək ki, 2003-cü ilin oktyabrında ümummilli liderimizin məlum müraciətini eşidəndə həmin tarixi sənədi növbəti və adi bir siyasi çağırış kimi dəyərləndirənlər bəlkə də yüzlərlə idi. Ancaq cənab Prezident İlham Əliyev 2020-ci ilin payızında hər axşam bir neçə kəndin və ya bir şəhərin düşmən tapdağından azad edildiyini xəbər verəndə “ Heydər Əliyev bu günləri nəzərdə tuturmuş” deyənlər artıq milyonlarla idi.