“İdarəetmə” kafedrasının müəllimi Yusif Bayramov “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alan II kurs tələbələri üçün “Azərbaycanın neft strategiyası və beynəlxalq biznesdə onun rolu” mövzusunda açıq dərs keçirilmişdir. Dərsdə fakültə dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, kafedra müdiri dosent Afəddin Həmidov, fakültə müəllimləri – İqtisad elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Kənan Rəhimov, İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim Həcər Orucova, Baş müəllim Rəhmiyyə İbrahimova, Baş müəllim Ramazanov, Müəllim Kubra Cəfərova, Müəllim Lamiə Babayeva, Müəllim Elşad Fərzalıyev, Müəllim Kamil Cəfəroviştirak etmişlər.
Dərs zamanı müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyasının ölkəmizin qlobal biznes mühitindəki mövqeyini necə möhkəmləndirdiyi ətraflı təhlil edilmişdir.
Müzakirə olunan əsas istiqamətlər:
- “Əsrin müqaviləsi” və Beynəlxalq Əməkdaşlıq: Xarici investisiyaların cəlb edilməsi və transmilli şirkətlərlə qurulan biznes tərəfdaşlığı;
- Enerji Dəhlizləri: Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələrinin Avropanın enerji təhlükəsizliyində və regional biznes loqistikasında rolu;
- Neft Kapitalının İnsan Kapitalına Çevrilməsi: Neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına və sahibkarlıq mühitinə təsiri;
- Strateji İdarəetmə: Dövlət Neft Fondunun (ARDNF) fəaliyyəti və makroiqtisadi sabitliyin təmin olunması.
İnteraktiv formatda keçən dərsdə tələbələr beynəlxalq biznes mühitində Azərbaycanın rəqabət üstünlükləri və enerji diplomatiyasının iqtisadi dividendləri barədə öz fikirlərini bölüşmüşlər. Mövzu ətrafında keçirilən diskussiyalar tələbələrin strateji idarəetmə və beynəlxalq bazar münasibətləri üzrə biliklərinin dərinləşməsinə xidmət etmişdir.
Bu cür açıq dərslər tələbələrin nəzəri biliklərini ölkə iqtisadiyyatının real mənzərəsi ilə əlaqələndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Yusif müəllimə elmi fəaliyyətində uğurlar arzu edirik!



