Bu gün İlaxır çərşənbələrdən ikincisi Od çərşənbəsidir.
Bu çərşənbə xalq arasında üskü çərşənbə, Adlı çərşənbə kimi də tanınır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar – bezarları yandırırlar.
Od çərşənbəsi əski görüşlərlə bağlı olub Günəşi, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Od çərşənbəsi ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzədək gəlib çatıb. Onlar arasında oda, ağaca olan inamlar da xüsusilə diqqəti cəlb edir. Məsələn, “ocağı şər vaxtı söndürməzlər”, “od çərşənbəsində ocağı boş qoymazlar” və s. Bu gün imkan dərəcəsində hər kəsin evində istilik verən yeməklər bişirilməli, süfrə açılmalı, xonça bəzənməli, şamlar yandırılmalıdır. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs od çərşənbəsini şad, şən və bolluq içində keçirsə, daha yaxşı olar.
* Ocağınız yanar olsun
* Ocağınız odlu, süfrəniz dadlı olsun.
* Səni od aparsın.
* Odda yanmaz, suda batmaz ol.
* Oda söyməzlər.
* Oddan pay verməzlər.
İnanclar:
– Ocaq yananda səslənirsə, demək, kimsə sözünü danışır,
– Ocağa yanaşanda salam verərlər,
– Ocaq dağıdanın ocağı dağılar,
– Gün güzəranlıq gətirər
Andlar:
– Od haqqı!
– Gün haqqı!
– İşığa and olsun!
– Çıraq haqqı!
Alqışlar:
– Oduna nur çilənsin!
– Ocağın nurlu olsun!
– Ocağın qaralmasın!